Əsas məzmuna keç
Dr. Fidan Həsənzadə
Bütün yazılar

Müalicədən əvvəl niyə "prob" edirik

Keyidici dərmanın sınağı nədir, allergiya nə qədər tez-tez olur və reaksiya görəndə müalicə planını necə dəyişirik.

Uşaq stomatoloqu Dr. Fidan Həsənzadə

MüəllifUşaq stomatoloqu, sedasiya altında müalicə

Mavi fonda kiçik damcı və qalxan illüstrasiyası

Bir gün balaca pasiyentimizin dişinə müalicədən əvvəl çox kiçik miqdarda keyidici preparat tətbiq etdik və uşaqda allergik reaksiya müşahidə olundu. Bu, bizim üçün çox vacib siqnal idi: həmin preparatdan istifadə etmək olmazdı və müalicəni əvvəlki plan üzrə davam etdirmək təhlükəsiz deyildi.

"Prob" nədir

Prob, yəni sınaq, keyidici dərmanın əvvəlcə çox kiçik dozada tətbiq edilib uşağın reaksiyasının izlənməsidir. Bu, kabinetimizdə müalicədən əvvəl atdığımız ehtiyat addımıdır.

Keyidici dərmana allergiya tez-tez olurmu

Elmi məlumatlara görə yerli keyidici dərmanlara əsl allergiya nadirdir. Keyləşdirmədən sonra yaranan narahatlıqların çoxu həyəcan, qorxu və ya dərmanın tərkibindəki digər maddələrlə bağlı olur. Amma nadir olması heç vaxt olmaması demək deyil. Hər qeyri-adi reaksiya ciddi qəbul edilməlidir.

Reaksiya olduqda nə edirik

  • Həmin preparatdan istifadəni dayandırırıq
  • Uşağın vəziyyətini izləyirik
  • Müalicə planını dəyişir, alternativ yanaşma seçirik
  • Valideynə allerqoloqa müraciət etməyi tövsiyə edirik

Valideyn nəyi deməlidir

Uşağın əvvəllər hər hansı dərmana, xüsusən keyidici dərmanlara reaksiyası olubsa, mütləq qəbulda deyin. Ailədə ağır allergiya halları varsa, bunu da qeyd edin.

Bəzən müalicədən əvvəl atdığımız kiçik bir addım böyük bir riskin qarşısını ala bilər.

Elmi mənbələr

Bu yazıdakı məlumatlar aşağıdakı rəyli elmi məqalələrə və beynəlxalq klinik tövsiyələrə əsaslanır.

  1. Bhole, M. V., Manson, A. L., Seneviratne, S. L., & Misbah, S. A. (2012). IgE-mediated allergy to local anaesthetics: separating fact from perception: a UK perspective. British Journal of Anaesthesia, 108(6), 903-911. [PMID: 22593127] | [DOI: 10.1093/bja/aes162]