Əsas məzmuna keç
Dr. Fidan Həsənzadə
Bütün yazılar

Sedasiyadan əvvəl pediatr rəyi niyə formal kağız deyil

Real bir hal əsasında: sedasiyadan əvvəl nələri yoxlayırıq, kim izləyir və nə vaxt müalicəyə başlamamaq doğru qərardır.

Uşaq stomatoloqu Dr. Fidan Həsənzadə

MüəllifUşaq stomatoloqu, sedasiya altında müalicə

Çəhrayı fonda stetoskop və ürək illüstrasiyası

Düzgün göstəriş və nəzarətlə aparılan sedasiyanın riski çox aşağıdır. Amma "düzgün göstəriş" sözünün arxasında ciddi hazırlıq dayanır. Bu hazırlığın ən vacib hissələrindən biri uşağın pediatrının rəyidir.

Bir real hal

Bir gün bizə yaşı az olmasına baxmayaraq, keçmişdə həyati risk daşıyan əməliyyatlar keçirmiş, güclü təsirli dərmanlar qəbul edən və ümumi vəziyyəti zəif olan bir uşaq müraciət etdi. Belə vəziyyətdə əsas sual "dişlərini necə müalicə edək?" yox, "bu uşaq üçün sedasiya hazırda təhlükəsizdirmi?" olur. Dərhal uşağın pediatrı ilə əlaqə saxladıq, pediatr sedasiyaya icazə vermədi və biz prosedura başlamadıq.

Bəzən ən doğru müalicə qərarı müalicəyə başlamamaqdır.

Sedasiyadan əvvəl nələri yoxlayırıq

  • Uşağın keçirdiyi və hazırda olan xəstəlikləri
  • Keçirdiyi əməliyyatları və narkoz təcrübəsini
  • Qəbul etdiyi dərmanları və allergiyaları
  • Hazırkı ümumi vəziyyətini: soyuqdəymə, öskürək, qızdırma olub-olmadığını
  • Burun-boğaz və nəfəs yollarının vəziyyətini

Sedasiya zamanı və sonra

Beynəlxalq pediatriya və uşaq stomatologiyası tövsiyələrinə görə sedasiya alan uşağı bu işə hazırlığı olan mütəxəssis izləməli, nəfəs və oksigen səviyyəsi müalicə boyu nəzarətdə olmalıdır. Sedasiyanı anestezioloq aparır. Uşaq tam oyanana və vəziyyəti sabitləşənə qədər evə buraxılmır. Acqarın qalma vaxtını da anestezioloq dəqiq deyir və bu qayda təhlükəsizlik üçündür, ona mütləq əməl edin.

Sedasiya öncəsi pediatr rəyi formal kağız deyil. Bizim üçün ilk sırada diş deyil, uşağın sağlamlığı və təhlükəsizliyi dayanır.

Elmi mənbələr

Bu yazıdakı məlumatlar aşağıdakı rəyli elmi məqalələrə və beynəlxalq klinik tövsiyələrə əsaslanır.

  1. Coté, C. J., Wilson, S., American Academy of Pediatrics, & American Academy of Pediatric Dentistry (2019). Guidelines for Monitoring and Management of Pediatric Patients Before, During, and After Sedation for Diagnostic and Therapeutic Procedures. Pediatrics, 143(6), e20191000. [PMID: 31138666] | [DOI: 10.1542/peds.2019-1000]
  2. Ashley, P. F., Chaudhary, M., & Lourenço-Matharu, L. (2018). Sedation of children undergoing dental treatment. Cochrane Database of Systematic Reviews, 12, CD003877. [PMID: 30566228] | [DOI: 10.1002/14651858.CD003877.pub5]